Avropa İttifaqı və aparıcı maliyyə institutları Qara dəniz sualtı elektrik kabeli layihəsinə tam dəstək verir.
Renewables.az yerli mətbuata istinadla xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili parlamentin plenar sessiyasında illik hesabatını təqdim edərkən deyib.
“Biz bu layihənin son 30 il ərzində həyata keçirilmiş ən önəmli tarixi layihələrdən olacağını gözləyirik”, - Qaribaşvili deyib.
Baş nazir əlavə edib ki, Gürcüstanın irəli sürdüyü bu layihə Brüsseldə ilk dəfə 2021-ci ildə müzakirə edilib:
“Biz əvvəldən Avropa İttifaqından tam dəstək almışıq. Daha sonra biz strateji tərəfdaşlarımız olan Azərbaycan, Rumıniya, Macarıstanla fəal əməkdaşlığı davam etdirdik və ötən il memorandum imzalandı. İndi layihə fəal şəkildə araşdırılır. Sentyabrda araşdırmanın nəticəsinin çıxmasını gözləyirik və bundan sonra ikinci mərhələyə keçəcəyik”, - Baş nazir qeyd edib.
Qeyd edək ki, 2022-ci il dekabrın 17-də Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan Qafqaz regionundan Avropaya enerji körpüsünün tikintisini nəzərdə tutan strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. Əldə edilən razılaşma çərçivəsində 1000 MVt gücündə və 1195 kilometr uzunluğunda Qara Dəniz Enerji sualtı elektrik kabelinin tikintisi gözlənilir. Kabel Azərbaycanda hasil edilən "yaşıl" elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Macarıstana və Avropanın qalan hissəsinə çatdırmaq üçün Rumıniyaya tədarük edəcək.
Rəylər (0):