Serbiya Azərbaycan-Aİ "yaşıl" enerji dəhlizinin yaradılması təşəbbüsünü diqqətlə izləyir

image

Serbiya Azərbaycan-Avropa İttifaqı "yaşıl" enerji dəhlizinin yaradılması təşəbbüsünü diqqətlə izləyir.

Renewables.az-ın məlumatına görə, bu barədə Trend-ə Serbiya Respublikasının Dağ-Mədən Sənayesi Nazirliyindəki mənbədən bildiriblər.

"Serbiya ötən il Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qara dənizin dibi ilə yeni sualtı kabel vasitəsilə Avropa İttifaqına "yaşıl" enerjinin tədarükü haqqında imzalanmış saziş kimi regionda bazarların qarşılıqlı fəaliyyətinin yaxşılaşdırılmasına və enerji təhlükəsizliyinin artmasına imkan yarada biləcək bütün təşəbbüsləri diqqətlə izləyir", - deyə idarədən bildiriblər.

Mənbə qeyd edib ki, "yaşıl" enerji sahəsində əməkdaşlıq, həmçinin, "təmiz" enerjiyə keçid prosesində əməkdaşlıq, o cümlədən, bərpa olunan enerji mənbələrinə investisiyalar və enerji infrastrukturunun inkişafı üçün yeni imkanlar açır.

"Serbiya Aİ-nin karbon neytrallığının əldə edilməsi üzrə yanaşmasına ortaqdır. Strateji sənədlərin hazırlanması və qanunvericilik bazasının təkmilləşdirilməsi yolu ilə bərpa olunan enerji mənbələrindən yeni enerji imkanlarının formalaşması üçün şəraitin yaradılması üzərində çalışırıq ki, bu da gələcəkdə enerji müstəqilliyimizə və enerji təhlükəsizliyimizə mühüm töhfə verəcək", - deyə agentliyin müsahibi bildirib.

Mənbə qeyd edib ki, Serbiya, həmçinin, kifayət qədər baza yüklənməsinin təmin edilməsi üçün müxtəlif variantları, o cümlədən, keçid enerji mənbəyi qismində qazdan istifadə edən elektrik stansiyalarının tikintisi imkanını araşdırır.

"Yeni istehsal imkanlarına investisiyalar və enerji səmərəliliynin artırılmasına investisiyalarla yanaşı, tədarüklərin təhlükəsizliyinin artması, yeni bərpa olunan enerji imkanlarının inteqrasiyası və regionda elektrik enerjisi bazarının inkişafı üçün həlledici əhəmiyyət kəsb edən Trans-Balkan dəhlizi kimi layihələr vasitəsilə qonşu ölkələr istiqamətində elektrik ötürmə sistemlərinin inşası əsas prioritetdir", - deyə mənbə əlavə edib.

Qeyd edək ki, 17 dekabr 2022-ci il tarixində Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında Qafqaz regionundan Avropaya enerji körpüsünün inşasını nəzərdə tutan saziş imzalanıb.

Əldə olunan saziş çərçivəsində 1195 kilometr uzunluğunda 1000 meqavatt gücündə "Black Sea Energy" sualtı elektrik kabelinin inşası gözlənilir. Kabel Azərbaycanda istehsal olunan "yaşıl" elektrik enerjisinin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və daha sonra Macarıstana və Avropanın yerdə qalan hissəsinə nəqli üçün nəzərdə tutulacaq. Bu, dörd qiqavatta qədər "yaşıl" enerji tədarükünü təşkil etməyə imkan verəcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *