Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəməsi olan "SOCAR Türkiyə" şirkəti alternativ enerji mənbələri hesabına elektrik enerjisi istehsalını artırmaq niyyətindədir.
Renewables.az "Report"a istinadla xəbər verir ki, bu barədə "SOCAR Türkiyə" şirkətinin baş icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Elçin İbadov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, hazırda "SOCAR Türkiyə"nin ümumi gücü 51 meqavat olan 17 külək elektrik enersi turbini mövcuddur: "Gələcəkdə biz bu külək enerjisi turbinlərinin sayını və külək enerjisi istehsalının gücünü artırmaq niyyətindəyik. Artıq bununla bağlı müvafiq qurumlara rəsmi olaraq müraciət etmişik".
E. İbadov qeyd edib ki, bununla bərabər şirkət günəş enejisinə də diqqət ayırır: "Artıq "SOCAR Türkiyə"nin köməkçi qurum və müəssisələrində günəş enerjisi panelləri quraşdırılır. Bu quraşdırılan günəş enerjisi panelləri müəyyən qədər enerjiyə olan tələbatı ödəyir. Ancaq bu həcmlər hələlik o qədər də böyük deyil".
Xatırladaq ki, “SOCAR Türkiye” 2006-cı ilin sonlarında təsis edilib. Şirkət Türkiyədə neft emalı və neft-kimya sahələrində layihələr icra etmək, təbii qaz ticarətini həyata keçirmək üçün yaradılıb. “SOCAR Türkiye" qonşu ölkənin "Petkim Petrokimya Holding” - neft-kimya kompleksinin səhmlərinin nəzarət paketinə (51 %) malikdir.
Rəylər (0):