Türkiyə şirkətləri Laçın və Kəlbəcər rayonlarında bərpaolunan enerji layihələrini həyata keçirmək üçün dəvət olunub.
"Berpaolunanenerji.az" "Report"a istinadən xəbər verir ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun dediyinə görə, Türkiyə tərəfi artıq layihələrə, o cümlədən külək elektrik stansiyalarının inşası layihələrinə maraq göstərdiyini təsdiqləyib.
Məlumdur ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası elan edilib, ilkin hesabalamalara əsasən, onların günəş enerjisi üzrə potensialları 4 min MVt-dan, külək enerjisi üzrə isə 500 MVt-dan çoxdur.
Türkiyə şirkətləri də buraya təsadüfən dəvət edilməyib - keçən il Türkiyənin özündə bərpaolunan enerji sferasına yatırımlar təxminən 7 milyard ABŞ dolları təşkil edib və bu, ölkə üçün rekord göstəricidir. Oradakı bərpaolunan əsaslı elektrik stansiyalarının sayındakı bu artım Türkiyə hökuməti tərəfindən həyata keçirilən “Bərpaolunan Enerji Mənbələrini Dəstəkləmə Mexanizmi”nin (Yenilenebilir Enerji Kaynakları Destekleme Mekanizması, YEKDEM) istifadəsi üçün müraciət tarixinin sonunun yaxınlaşması ilə əlaqədardır. Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin 2019-2023-cü illər üçün strateji planına əsasən, bu il ümumi quraşdırılmış gücü 2,1 min meqavat olan elektrik stansiyaları istifadəyə veriləcək. Bu elektrik stansiyalarının tikintisi üçün layihələrin ümumi dəyəri 2,5 milyard ABŞ dollarından çox olacaq. Təbii ki, layihələrin böyük əksəriyyəti yerli şirkətlər tərəfindən həyata keçirilir, odur ki, onlar kifayət qədər təcrübə və bacarığa malikdirlər.
Rəylər (0):