Türkiyə "üzən günəş elektrik stansiyaları" ilə bərpa olunan enerjidə yeni dövrə hazırlaşır

image

Türkiyədə bu ilin 11 may tarixindən qüvvəyə minən və enerji sahəsində tənzimləmələri özündə əks etdirən “Mədən haqqında qanuna və bəzi qanunlara dəyişiklik edilməsi haqqında” Qanun dənizlər, bənd gölləri, süni göllər və təbii göllər kimi elan edilən ərazilərdə Enerji və Təbii Sərvətlər Nazirliyi tərəfindən bərpa olunan enerji istehsalı ilə bağlı stansiyaların qurulmasına icazə verir. 

Renewables.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu ərazilərdə Dövlət Su Təsərrüfatı Baş İdarəsinə və ya suvarma birliklərinə məxsus kənd təsərrüfatı suvarma qurğularının elektrik enerjisinə tələbatını ödəmək üçün bərpa olunan enerji mənbələrinə əsaslanan lisenziyasız elektrik enerjisi istehsalı müəssisələri də yaradıla bilər.

Üzən günəş elektrik stansiyaları (GES) yerüstü GES-lərin quraşdırılmasında yaşanan çətinlikləri üstünlüyə çevirir. Üzən GES-lərin altındakı suyun bu stansiyaların vaxtaşırı soyumasına kömək etməsi panelin səmərəliliyini artırır.

Yerüstü GES-lərə nisbətən 10 faiz daha səmərəli fəaliyyət göstərən üzən GES-lər su anbarlarının boş qalan sahələrindən istifadə etməyə və onları iqtisadiyyata cəlb etməyə imkan verir. Üzən GES-lər içməli su məqsədləri üçün bəndlər istisna olmaqla, bütün bənd su anbarlarında quraşdırıla bilər.

Türkiyədə istismarda olan və içməli suya xidmət etməyən 944 bəndin 5 min 300 kvadrat kilometrlik çox böyük bir su anbarı sahəsi var. Bu səthin 10 faizində üzən GES-lər quraşdırılarsa, 53 min meqavat qoyuluş güclə ildə 79 milyard 500 milyon kilovat-saat elektrik enerjisi istehsal oluna biləcəyi təxmin edilir. Bu, Türkiyənin elektrik enerjisi ehtiyacının təxminən dörddə birinə bərabərdir.

Üzən GES-lər sayəsində buxarlanmanın qarşısını almaqla qənaət ediləcək su miqdarının ildə 540 milyon kubmetr olacağı təxmin edilir. Bu stansiyalar sayəsində atmosferə atılan karbon qazının miqdarının 51 milyon tondan çox azalacağı təxmin edilir. Türkiyədəki göllər və gölməçələr daxil edildikdə, üzən günəş enerjisi potensialının 80 giqavat olduğu qeyd edilir.

Xatırladaq ki, Türkiyənin Elazığ ərazisində yerləşən Keban anbarı üzərində ölkənin ilk üzən günəş fotovoltaik sistemi Kuzova üzən günəş elektrik stansiyası (GES) istifadəyə verilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *