Türkiyədə hər ötən il bərpa olunan enerji mənbələrindən istifadə artmaqdadır. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin hesabatına görə, ölkədə bərpa olunan enerji mənbələrinin qoyuluş gücü 50 qiqavata yaxındır. Mənbələr üzrə nəzər saldıqda, hidroenerji 30,984 meqavat, külək enerjisi 8,832 meqavat, günəş enerjisi 6,668 meqavat, geotermal enerji 1,613 meqavat, bioenerji isə 1,300 meqavat qoyuluş gücünə malikdir.
Ölkədə elektrik enerjisinin qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payı 52,3 %-dir. Türkiyə bu göstərici ilə Avropada 6-cı, dünyada 13-cü yerdədir. Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın "Facebook" paylaşımında qeyd olunur.
"2023-cü ildə 66,6 milyon ton karbon dioksid emissiyası azaltmağı hədəfləyirik. Oxşar iqtisadi səviyyədəki ölkələrlə bərabər şərtlər çərçivəsində, qlobal iqlim fəaliyyətinə töhfə verməyə davam edəcəyik" , - deyə prezident paylaşımında vurğulayıb.
Paylaşımda həmçinin, 2012-2030-cu illərdə 1 milyard 920 milyon ton istixana qazı emissiyasının qarşısı alınacağı qeyd olunub.
Rəylər (0):