Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən reallaşdırılacaq 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası üzrə layihənin Ətraf Mühitə Təsirlərinin Qiymətləndirilməsi sənədinə dair müzakirələrin növbəti mərhələsi başlayıb.
"Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr Xızı və Abşeron rayonlarında hər birində iki gün olmaqla ümumilikdə dörd gün davam edəcək.
Müzakirələrin ilk günündə "ACWA Power" və şirkətin yerli tərəfdaşı "Ecoenergy" MMC-nin, həmçinin ətraf mühit və idarəetmə üzrə beynəlxalq məsləhətçi “5 Capitals” şirkətinin əməkdaşları tərəfindən layihə haqqında ətraflı məlumat verilib, Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi sənədinin icmalı təqdim olunub və müzakirə iştirakçılarının sualları cavablandırılıb.
Xatırladaq ki, 2020-ci ilin yanvar ayında Energetika Nazirliyi ilə “ACWA Power” şirkəti arasında layihə üzrə “İcra müqaviləsi”, həmin ilin dekabr ayında isə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb.
Rəylər (0):