2022-ci ilin yanvar-fevral ayları üzrə elektrik enerjisinə dair məlumatlara əsasən, fevral ayında Azərbaycanda ümumi elektrik enerjisinin istehsalı 2331,2 mln. kVt-saat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə istehsalın 138,8 mln. kVt-saat, yaxud 6,3 % artması deməkdir.
Bu barədə "Berpaolunanenerji.az" Energetika Nazirliyinə istinadən xəbər verir.
Fevral ayında elektrik enerjisinin idxalı 9,8 mln. kVt-saat olmaqla 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,3 mln. kVt-saat azalıb. Bu dövrdə elektrik enerjisinin ixracı 248,2 mln. kVt-saat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 89,4 mln. kVt-saat artıb.
Ümumilikdə 2022-ci ilin yanvar-fevral aylarında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 326,2 mln. kVt-saat, yəni 7,2 % artaraq 4 887,0 mln. kVt-saat olub.
Hesabat dövründə ötən ilin ilk 2 ayına nisbətən elektrik enerjisinin istehsalı SES-lərdə 13,9 mln. kVt-saat artaraq 154,6 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 1,0 mln. kVt-saat azalaraq 54,96 mln. kVt-saat olub.
Külək elektrik stansiyalarında 13,16 mln. kVt-saat, günəş elektrik stansiyalarında 7,7 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda (BMTYZ) isə 34,1 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.
Bu dövrdə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə SES-lərdə 146,6 mln. kVt-saat, Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə SES-lərdə 6,8 mln. kVt-saat, GES-də 7,1 mln. kVt-saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,6 mln. kVt-saat təşkil edib.
2022-ci ilin yanvar-fevral aylarında elektrik enerjisinin ixracı 493,5 mln. kVt-saat olmaqla, 2021-ci ilin eyni dövrü ilə müqayisədə 159,6 mln. kVt-saat, elektrik enerjisinin idxalı isə 20,6 mln. kVt-saat olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 0,5 mln. kVt-saat artıb.
Rəylər (0):