Avropada 2023-cü ildə 18,3 QVt yeni külək enerjisi gücü quraşdırılıb.
Renewables.az xəbər verir ki, bu barədə WindEurope-nin dərc etdiyi "Avropada külək enerjisi: 2023-cü il statistikaları və 2024-2030-cu illərə baxış" hesabatında bildirilir.
Ötən il Avropada yeni külək elektrik stansiyalarının 79%-i quruda, 21 %-i dənizdə inşa edilib. Quruda quraşdırılan külək gücü 14,5 QVt, dənizdə quraşdırılan külək gücü isə 3,8 QVt təşkil edib (rekord göstərici). Proqnoza görə, 2030-cu ilə qədər ümumi külək enerjisi gücünün 2/3-i quruda quraşdırılacaq.
Hesabatda bildirilir ki, Avropa 2024-2030-cu illər ərzində 260 QVt yeni külək enerjisi gücü quraşdıracaq. Avropa İttifaqı (Aİ-27 ölkə) bunun 200 QVt-ni quraşdırmalıdır - orta hesabla ildə 29 QVt.
Hesabata əsasən, Avropada quraşdırılan yeni gücün 16,2 QVt-ı Aİ-nin payına düşüb ki, bu da rekord göstəricidir. Qeyd edilir ki, bu iqlim və enerji hədəflərinə çatmaq üçün proqnozlaşdırılan gücün yalnız yarısıdır.
Aİ-də quraşdırılan 16,2 QVt gücün 13,3 QVt-ı (82 %) quruda, 2,9 QVt-ı (18 %) dənizdə olan külək stansiyalarının payına düşüb.
Ötən il Avropada ən çox külək enerjisi gücü quraşdıran ölkə Almaniya olub - quruda 3,567 MVt, dənizdə 329 MVt olmaqla ümumilikdə 3,896 MVt. Yeni külək güclərinə görə, Niderland, İsveç, Fransa, Birləşmiş Krallıq fərqlənib.
Quruda ən çox yeni külək gücü Almaniyada qeydə alınıb - 3,567 MVt. Dənizdə isə ən çox külək gücü quraşdıran ölkə Niderlanddır - 1,906 MVt.
Aİ-də külək enerjisi istehsalı ümumi istehsalın 19 %-ni təşkil edib (Birləşmiş Krallıq daxil 20 %). Ümumi elektrik enerjisi istehsalında külək enerjisinin ən çox olduğu ölkə Danimarkadır - 56 %. İrlandiyada 36 %, Almaniyada 31 % külək enerjisi istehsalı olub.
Qeyd edək ki, Avropa Birliyi ümumi elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payını 42,5 % həddinə çatdırmağı hədəfləyir.
Rəylər (0):