"WindEurope" (Belçika) külək enerjisi potensialının artırılmasında Azərbaycana dəstək göstərəcək.
Renewables.az xəbər verir ki, bunu Trend-ə özəl müsahibəsində “WindEurope”un sənaye məsələləri üzrə direktoru Fil Koul bildirib.
“WindEurope” və Azərbaycanın Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində 2024-cü ilin mart ayından başlayaraq biz Azərbaycana onun külək enerjisi sahəsində potensialını genişləndirməsində dəstək göstərəcəyik.
Bu, ən yaxşı təcrübələrin mübadiləsi, mümkün xətalar barədə xəbərdarlıq, yerüstü və ofşor külək enerjisi tətbiqi metodları üzrə konsultasiyalar yolu ilə gerçəkləşdiriləcək”, - deyə Koul bildirib.
Onun sözlərinə görə, “WindEurope”, eyni zamanda, bu kimi layihələrin inkişaf etdirilməsi üçün Azərbaycan və Avropa İttifaqından olan siyasətçilər, nizamlayıcı orqanlar və potensial elektrik enerjisi istehlakçıları arasında əməkdaşlığa vasitəçilik səylərini davam etdirəcək.
“Azərbaycan həm yerüstü, həm də dəniz külək enerjisinin inkişafı üçün əhəmiyyətli potensiala malikdir. Ölkə zəngin külək resursları və sabit sürətli küləyin hesabına külək parklarının təcrübəli yaradıcıları üçün cəlbedici istiqamətlərdən sayılır. Bundan başqa, Azərbaycanda külək enerjisinin inkişafı həm onun öz enerji keçidinə, həm də istehsalat proseslərinin elektrikləşdirilməsi hesabına qonşu ölkələrdə dekarbonizasiya sənayesi üçün əlverişli imkanların yaradılmasına vəsilə olur.
Azərbaycan, eyni zamanda, öz əhəmiyyətli resurslarını səmərəli şəkildə inkişaf etdirmək üçün yetkin külək enerjisi bazarlarının buraxdığı səhvlərdən dərs çıxarmaq kimi unikal imkana malikdir”, - deyə direktor əlavə edib.
Koul vurğulayıb ki, Xəzər dənizindən külək enerjisinin inkişafına dəstək üzrə “WindEurope”un strateji prioritetlərinə regionun geniş külək və bərpa olunan enerji potensialından istifadə, o cümlədən, iqtisadi-texnoloji və ekoloji faydalara vasitəçi olmaq daxildir.
“Azərbaycan bu yöndə həlledici rol oynayır. Bəzi ölkələr bərpa olunan enerji ilə bağlı 2030-cu ilə qədər yerinə yetirilməli olan məqsədlərin həyata keçirilməsində çətinliklərlə üzləşdiyi halda, bu ölkə öz külək enerji resurslarından təkcə öz ehtiyacları üçün yox, həm də ixracat imkanlarını nəzərə almaqla uzaqgörənliklə istifadə edir”, - deyə Koul bildirib.
Xatırladaq ki, 2024-cü ilin mart ayında Azərbaycanın Energetika Nazirliyi nəzdində Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “WindEurope” külək enerjisi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalayıblar. Sənəd külək enerjisi layihələrini, məlumat mübadiləsi, elektrik interkonnektorlarının inkişaf etdirilməsi, həmçinin, Xəzər dənizi - Qara Dəniz - Avropa “yaşıl” enerji dəhlizi çərçivəsində əməkdaşlığı ehtiva edir.
Rəylər (0):