Azərbaycanda dənizdə külək enerjisi potensialının ölçülməsi işlərinə başlanılıb

image

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulan “Dənizdə külək enerjisi potensialının araşdırılması və potensialdan istifadə istiqamətində hazırlıq tədbirlərinin həyata keçirilməsi” fəaliyyət istiqamətinə uyğun olaraq müəyyən olunmuş ərazilərdə ölçmələrə başlanılması üzrə işlər yekunlaşmaq üzrədir.

Renewables.az-a bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) bildirilib.

Məlumata görə, bu istiqamətdə ölçü-müşahidə işlərinin aparılması üçün Finlandiyanın “Vaisala” şirkəti tərəfindən ölkəyə 2 ədəd LiDAR (Light Detection and Ranging) qurğusu gətirilərək müəyyən olunmuş ərazidə quraşdırılıb. Qurğu lazer şüalarından istifadə edərək 10 km məsafəyədək tələb olunan nöqtələrdə küləyin sürətini və istiqamətini müəyyən etmək üçün istifadə olunur.

LiDAR qurğusu fərqli nöqtələrdə virtual ölçü-müşahidə dirəyi yaradaraq 75 m, 150 m və 225 m hündürlüklərdə küləyin sürətini ölçəcək.

Sözügedən şirkət tərəfindən “LiDAR qurğularının öyrənilməsi” üzrə nəzəri və praktiki təlim keçirilib. Təlimdə LiDAR qurğusunun iş prinsipi, ərazidə müvəqqəti quraşdırılması, konfiqurasiyası, real-time datalarla data analizinin aparılması və s. məsələlər qeyd edilib. BOEMDA-nın əməkdaşlarının da iştirak etdiyi təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *