Dənizdə dünyanın ən böyük güclü külək turbini Çində quraşdırılıb

image

Çinin Fucyen vilayətində dənizdə dünyanın ən böyük güclü külək turbini quraşdırılıb.

Renewables.az Offshore Wind portalına istinadla xəbər verir ki, bu barədə China Three Gorges (CTG) və Goldwind şirkətləri məlumat yayıb.

CTG-nin 400 MVt gücündəki "Zhangpu Liuao" külək parkında quraşdırılan Goldwind-in GWH252-16MW model turbinin rotor diametri 252 metrdir və 50 min m2 sahənin hava axınına nəzarət edə bilir. 

16 meqavat gücündə olan turbinin quraşdırılmasına iyunun 25-də start verilib. Təxminən 10 min detaldan ibarət olan və çəkisi 20 tona çatan turbin dirəyinin hündürlüyü 152 metr, qanadının uzunluğu 123 metr, mexanizm otağının və generatorunun birgə çəkisi isə 385 tondur.

Turbin tam gücü ilə dövr edəndə 34,2 kilovat-saat elektrik enerjisi istehsal edə bilir. İllik istehsal gücü 66 milyon kilovat-saat qiymətləndirilən turbin təxminən 36 min ailənin elektrik enerjisi tələbatını ödəyə biləcək. Bununla da şərti olaraq 22 min ton kömürə qənaət olunacaq, karbon emissiyası 54 min ton azalacaq.

Sahildən 35 kilometr məsafədə quraşdırılmış turbində havanın hərarətini, rütubəti, küləyin sürətini və digər məlumatları aşkarlayan yüzlərlə sensor quraşdırılıb. “Ağıllı” turbin hava şəraitinə uyğun olaraq özü öz fəaliyyətini tənzimləyə biləcək. Belə ki, Sakit okeanın şimalı üçün səciyyəvi olan tayfun siklonu zamanı turbin təhlükəsiz və sabit fəaliyyəti üçün xüsusi rejimə keçəcək.

Xatırladaq ki, ötən aylarda Çinin quruda ən böyük külək elektrik stansiyası şəbəkəyə qoşulub.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *