Özbəkistanın Nəvai vilayətinin Zərəfşan şəhərindəki ilk külək elektrik stansiyası (KES) test rejimində enerji istehsalına başlayıb.
Renewables.az kun.kz portalına istinadən xəbər verir ki, stansiyada 6 ədəd turbin test rejimində çalışır.
500 MVt gücündəki "Zərəfşan" KES 2020-ci ilin oktyabrında tenderin qalibi olan BƏƏ-nin enerji şirkəti Masdar-ın sifarişi ilə tikilir. Şirkət 2022-ci ildə Çinin Goldwind şirkəti ilə 111 ədəd 4,5 MVt gücündə turbin tədarükü üçün müqavilə bağlayıb. İyun ayında tikinti ərazisində ilk külək turbini quraşdırılıb.
KES-in birinci mərhələsinin bu ilin sonunadək işə salınması planlaşdırılır. 2024-cü ildə tam istifadəyə verildikdən sonra elektrik stansiyası hər il şəbəkəyə 1,9 milyard kVt-saat enerji ötürəcək. Bu həcm 500 mindən çox ev təsərrüfatının tələbatını ödəməklə yanaşı, 175 milyon kubmetr qaza qənaət etməyə və atmosferə atılan tullantıları 1,1 milyon ton azaltmağa imkan verəcək.
Masdar həmçinin Özbəkistanda ümumi gücü təxminən 900 MVt olan və dəyəri təxminən 1 milyard dollar olan günəş stansiyalarının tikintisi üzrə tenderlərin qalibi olub.
Rəylər (0):